Hamımız yaşamımızın böyük bir qismini keçirdiyimiz evlərin gözəl dizaynda və xoş görünüşlü olmasını istəyirik. Bəs evlərin dizaynında diqqət yetirməli olduğumuz nüanslar hansılardır? Gəlin bu nüanslara birlikdə nəzər yetirək.

Ev dekoru asan bir iş kimi görünsə də, profesionallıq tələb edir. Modern üslubda hər növ tikinti növlərinin dekorunda diqqəti adətən yerləşmə, rəng, mebel və işıqlandırma kimi ünsürlərə cəmləmək lazımdır. Siz də yaşam sahənizin daha estetik bir şəkildə dekor edilməsini istəyirsinizsə qeyd etdiyimiz nüanslara nəzər yetirə bilərsiniz.

Evinizi tanıyın

Ilk öncə etməli olduğunuz iş evinizin ölçü və interyer tərzini müəyyən etməkdir. Doğru təyin olunmuş interyer tərzi, sonradan mebel və ya rəng seçimində də düzgünlüyü təmin edir.

Dizayn növünü seçin

Yaşadığınız evi ən yaxşı tanıyan sizsiniz. Buna görə də, həm evinizin ölçü və interyerinə, həm də zövqünüzə xitab edən dizayn növünə üstünlük verin. Sadə və ya daha klassik üslublardan hansına üz tutacağınıza qərar verin. Sonradan mebel və ev dekorlarının seçimi asanlaşacaqdır. Dizayn növü və dekor seçimi barəsində bu işin mütəxəssislərindən yardım ala bilərsiniz.

Doğru mebel seçimi edin

Dizayn üslubunu seçdikdən sonra, sıra düzgün mebel seçiminə gəlir. Mebel seçimində önəm verməli olduğunuz əsas nüans, mebellərinin ölçüsünün evin ölçüsü ilə üst-üstə düşməyidir. Kiçik sahəyə məxsus evlərin mebel seçimi böyük və azfunksiyalı mebellərdən yana olmamalıdır. Kiçik ölçülü evlərdə, işıqlandırmaya, mebelin evə daha uyğun formada seçiminə və çoxfunksiyalılığa önəm vermək lazımdır.